Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounu və onu müşayiət edən şəxsləri qəbul edib.
Bu barədə məlumatı AZADİNFORM-a DQİDK-nin mətbuat xidmətindən veriblər. Dövlət Komitəsinin sədri qonaqları salamlayaraq bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, onların inanclarına hörmət və dövlət qayğısı AR Konstitusiyasında və “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Onun sözlərinə görə, ölkəmizdə bütün din mənsubları bərabərhüquqludur və milli, dini azlıqların, o cümlədən yəhudi icmasının imanla bağlı adət-ənənələrinə, həyat tərzinə dövlət səviyyəsində böyük diqqət yetirilir. H.Orucov qeyd edib ki, tarixən etnik-dini tolerantlıq məkanı Azərbaycanda heç zaman milli ayrı-seçkilik, antisemitizm olmayıb. “Bu ənənənin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Həmin siyasət hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika ərazisindəki mövcud yəhudi məbədləri təmir və bərpa olunur. Bir neçə gün öncə Quba rayonu Qırmızı qəsəbəsində qədim sinaqoqun əsaslı təmirdən sonra təntənəli açılış mərasimi keçirilib. Hazırda Bakıda yeni bir sinaqoqun tikintisinə başlamaq üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Lakin monoetnik dövlət olan, tolerantlıq mədəniyyətinə yad Ermənistan Dağlıq Qarabağda və ətraf yeddi rayonda təcavüzkarlıq siyasətini davam etdirir, torpaqlarımızı işğal altında saxlayır”,-deyən H. Orucov əlavə edib ki, dünya ictimaiyyəti, xüsusilə də yəhudi icmaları bu problemin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər. ABŞ-dakı Kolumbiya Universitetinin hüquq elmləri üzrə professoru olan R. Stoun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ümumi tanışlıq məlumatı verərək bildirib ki, NCSJ-nin əsas məqsədi MDB məkanındakı yəhudilərin problemlərini öyrənmək, onların həllində yardımçı olmaqdır. O, əlavə edib ki, səfərində məqsədi dövlətlərarası münasibətləri mökəmləndirməyə töhfə vermək, Amerika ictimaiyyətində Azərbaycanın, həqiqətən, milli ayrı-seçkiliyə yol verməyən, tolerant ölkə olduğunu təbliğ etmək üçün qənaətlərini zənginləşdirmək mahiyyəti daşıyır.


