Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin cari ilin 17-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən 11-ci Qlobal Səyahət və Turizm Sammiti iştirakları davam edir. Səfərdə Ə.Qarayevi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edir.
Sammitdə bir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturlarının və şəbəkələrinin, turizm və səyahət şirkətləri rəhbərləri, şəhər merləri, və s daxil olmaqla 65 ölkədən nümayəndə heyəti iştirak edir.
Sammitin iclasında turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə müzakirələr aparılıb.
Sammit çərçivəsində, nazir Ə.Qarayevin Yaponiya Milli Turizm Təşkilatının Prezidenti cənab Tadatoshi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının Vitse-Prezidenti cənab Ju Shanconq, Sudanın Turizm Naziri cənab Ahmed Babkier Nihar ilə görüşlər keçirib. Həmçinin, cənab nazirin Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai ilə də görüşü planlaşdırılır.


