ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi və Mingəçevir şəhər Gənclər üçün Təlim Mərkəzinin təşkilatçılığı ilə məcburi köçkün uşaqların rəsm sərgisi keçirilib. Şəhərin “Energetiklər” qəsəbəsində fəaliyyət göstərən Ağdam rayon 52 saylı məcburi köçkün orta məktəbində təşkil edilən sərgidə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Sülh Korpusunun könüllüləri iştirak ediblər. ABŞ səfirinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Kristofer Cons bu tədbirdə əsas məqsədin Azərbaycan-ABŞ dostluğunu önə çəkməkdən ibarət olduğunu bildirib: “Siyasi sahədə olduğu kimi, mədəniyyət sahəsində də dostluğumuzu artırmaq, həm də imkansız ailələrdə yaşayan istedadlı uşaqları üzə çıxarmaq istəyirik. Gələcəkdə azərbaycanlı könüllüləri də bu işə cəlb etmək və onlarda liderlik qabiliyyətini inkişaf etdirməyi ümid edirik”.
K. Cons çəkilən bu rəsmlərin noyabrın 2-də Bakıda keçiriləcək sərgidə nümayiş olunacağını deyib.
ABŞ-ın Meriland Universitetinin incəsənət sahəsi üzrə professoru Ken Krafcek uşaqlarda özlərinə güvən hissinin yarandığını, rəngarəng fantaziyaları olan bu uşaqların rəssamlığa ciddi marağının olduğunu bildirib. Sərgidə uşaqlar çəkdikləri rəsmlər barədə qonaqlara məlumat veriblər. İki gün davam edən sərgidə məktəbin VI-VII sinfində təhsil alan 30 şagirdin 50-dən artıq rəsm əsəri nümayiş etdirilib.
Qeyd edək ki, ABŞ səfirliyi Bakı, Gəncə və Xızıda da uşaqlarla bağlı müxtəlif tədbirlər keçirib.


