Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes-forumu işə başlayıb.SİA-nın xəbərinə görə, forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrini - tikinti, sənaye, maşınqayırma, yüngül və yeyinti sənayesi, tibbi təyinatlı məhsullar və digər xidmət sektorlarını təmsil edən 80-ə yaxın iş adamı iştirak edir.
Tədbirdə çıxış edən “Azpromo”nun prezidenti Adil Məmmədov Azərbaycan şirkətlərinin Qazaxıstanda aktiv fəaliyyət göstərdiklərini bildirib: “İş adamlarımız qonşu ölkənin iqtisadiyyatının əsas sahələrinə, o cümlədən energetika, tikinti, kənd təsərrüfatı, maşınqayırma, sənaye sahələrində işləyirlər. Onlar xüsusilə Qərbi Qazaxıstanda daha fəaldırlar. Bu bölgədə Azərbaycan şirkətləri tərəfindən müxtəlif layihələr, o cümlədən yol tikintisi layihələri həyata keçirilir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2009-cu ilə nisbətən 64% artıb”.
Qeyd edək ki, forum çərçivəsində sahibkarlar arasında ikitərəfli görüşlərin, müxtəlif sahələr üzrə ayrı-ayrı şirkətlərin təqdimatlarının, eləcə də Qazaxıstan nümayəndə heyəti üçün “Azərbaycanda gömrük-tarif tənzimlənməsi” mövzusunda seminarın keçirilməsi və niyyət protokollarının imzalanması gözlənilir.// sia.az


