Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında BMT İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovla ölkənin bir sıra aparıcı QHT rəhbərlərinin görüşü keçirilib.
Qonağı görüş iştirakçılarına təqdim edən Şura sədri Azay Quliyev Azərbaycan QHT sektorunun vəziyyəti, son illər ölkədə QHT layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, eləcə də Azərbaycan QHT-lərinin beynəlxalq strukturlarda təmsilçiliyi haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, dünyaya və Avropaya inteqrasiya baxımından ölkəmizin qarşısında duran böyük vəzifələr, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, Qarabağ münaqişəsilə bağlı məsələlərin həlli QHT-lərin beynəlxalq qurumlara, xüsusilə BMT strukturlarına inteqrasiyasını şərtləndirən başlıca amillərdir.
A.Abramov ölkəmizə dəvətə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğluna təşəkkür edərək, Azərbaycandan hələlik yalnız 5 QHT-nin BMT İqtisadi-Sosial Şurasına (ECOSOC) üzv olduğunu və bu təmsilçiliyin gələcəkdə daha da gücləndirilməsinin vacibliyini bildirib.
Görüşdə çıxış edən QHT rəhbərləri Umud Rəhimoğlu, Əhməd Qəşəmoğlu, Vüsalə Hüseynli, Pərvin Məmmədova, Novella Cəfəroğlu, İsrail İsgəndərov, Səidə Qocamanlı, Rauf Zeyni, Səadət Bənəniyarlı, Vahid Qazi və başqaları bu nüfuzlu BMT strukturu ilə əməkdaşlıq haqqında öz fikirlərini bildirdilər. BMT-nin Azərbaycandakı təmsilçiliyinin yerli QHT-lərlə əlaqələrinin gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə icma təmaslarının artırılması, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin qarşılanması, BMT strukturları vasitəsilə başqa ölkələrin iş təcrübəsinin öyrənilməsi və başqa məsələlər barədə əməkdaşlıq haqda fikir mübadiləsi aparılıb.


