“Dövlət qurumlarının elektron xidmətlərinin təşkili ilə bağlı Sərəncamda nəzərdə tutulan Portal hələ də ortalıqda yoxdur, onun strukturu, konsepsiyası haqqında hökumət sənədi də yoxdur”.
Bu barədə Multimedia Mərkəzinin direktoru Osman Gündüz bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Elektron xidmətlərə keçid: mövcud və perspektivlər” Dəyirmi masada söyləyib. Onun sözlərinə əsasən, elektron formaya keçidi əks etdirən keçid planı hələ də işlənməyib. “Elektron hökumətin formalaşması ilə bağlı konseptual sənəd hazırlanmayıb. Bunlar əsas problemlərdir. Elektron hökumətlə və ümumiyyətlə informasiyalaşma ilə bağlı hər hansı koordinasiyaedici qurum da formalaşmayıb”,-deyə o, əlavə edib. Osman Gündüzün dediklərinə əsasən, elektron bələdiyyə ilə bağlı ayrıca dövlət proqramının qəbuluna da ciddi ehtiyac var. O bildirib ki, dövlət qurumları ilə bələdiyyələr arasında kəskin bərabərsizlik yaranıb.
“Şəffaflıq və informasiya mühiti yetərli deyil. Elektron hökümətlə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb”,- deyə Osman Gündüz diqqətə çatdırıb. Bununla yanaşı o, bu barədə təklif və tövsiyələrini də söyləyib. O, qeyd edib ki, əvvəlcə xidmətlərin elektron formaya keçirilməsi üçün keçid planı hazırlanmalı, bu planda mərhələlər öz əksini tapmalıdır. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər, qurumlar ayrılmalıdır. Bütün proseslərin konkret İKT şöbəsinə həvalə edilməsi düzgün yanaşma deyil. “Dövlət və bələdiyyə qurumları tərəfindən təqdim olunan xidmətlərin inventarizasiyasının aparılması və ümumi siyahının hazırlanması vacibdir. O, həmçinin əlavə edib ki, Bakı şəhər İH və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin reyestrinin hazırlanması olduqca zəruridir.\\azadinform.az


