14.09.2010. “Ölkədə siyasi qüvvələrin fəaliyyəti, eyni zamanda bu qüvvələrlə təmasda olan mətbuatın baş verən proseslərə yanaşması necədirsə, seçkilərə də o cürdür”. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib. Məlumatı AZADİNFORM-a BMK-dan veriblər.
O, təssüflənir ki, vaxtilə ana müxalifət missiyasını yerinə yetirənlərin və onların nəzarətindəki KİV-in səngər psixologiyasından çıxış etməsilə “qara piar” fəaliyyəti geniş vüsət alıb. “Parlament seçkiləri yaxınlaşdıqca, adətən radikal mövqe nümayiş etdirən qüvvələr daha aqressiv şəkildə reaksiya verirlər.
Onlar bu zaman neytral mövqedə duran insanların da fikirlərinə hörmətlə yanaşmırlar. Bunlar üçün obyektiv fikir yalnız onların mövqeyinin müdafiə olunmasıdır. Nə qədər ki, bu orqanlarda bərabər yanaşma prinsipi, dözümlülük olmayacaq, o vaxta qədər də seçkilərə münasibətdə mətbuatdan obyektivlik gözləmək çətin olacaq”,-deyə baş redaktor bildirib.
E.Mirzəbəyli hesab edir ki, təmsil etdiyi qəzet də daxil olmaqla kifayət qədər mətbuat orqanları var ki, onlar siyasi qüvvələrin fikirlərini işıqlandırırlar. “Təbii ki, qəzet də hansısa bir siyasi fakta möqeyini bildirə bilər. Lakin, bununla yanaşı, həmin qəzet hadisə ilə bağlı digər siyasi qüvvələrin də fikirlərini tərəfsiz işqılandırmaq məcburiyyətindədir. Bu onun peşə borcudur. Lakin, təəssüflər olsun ki, bir sıra mətbuat orqanlarına nəzər yetirəndə, ancaq konkret olaraq eyni qütbdən olan şəxslərin açıqlamalarını və onlarla bağlı təbliğat kampaniyalarının aparılmasını görmək olur. Obyektivlik burada itir. Lakin hesab edirəm ki, getdikcə bu problemlər tənzimlənəcək. Necə ki, son vaxtlar Azərbaycan mətbuatında pozitiv irəliləyişlər nəzərə çarpır ki, bu da medianın obyektivliyinə gətirib çıxaracaq. Necə ki, 4-5 il qabaqkı mətbuatımızla indiki mətbuat arasında fərqi görürük. O zaman daha aqressiv fəaliyyət vardı, nəinki indi. Hesab edirəm bu ilki seçkilərə də mətbuatın yanaşması əvvəlki seçkilərdən fərqli olacaq”,-deyə, o, vurğulayıb.
“Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu isə deyir ki, mətbuatın seçkilər prosesini işıqlandırması KİV-in hazırkı durumunda mövqeyindən asılı olmayaraq qənaətbəxş deyil. “İstər müxalifətdə olsun, istərsə də iqtidarda KİV siyasi tələblərin icraçısına çevrilib. Əlbəttə ki, belə halda mətbuat ümumi mövqedən deyil, tələbini qəbul etdiyi mövqedən çıxış edəcək. Buna görə də burada hansısa obyektivlikdən söhbət gedə bilməz. Seçkilər öncəsi də mətbuatın bu cür fəaliyyəti, “qarayaxmalar”a can atmağı namizəd olacaq əksər şəxslər haqqında da ictimaiyyətdə xoşagəlməz imic yaradır. Deməzdim ki, bu sırf jurnalistlərimizin qeyri-peşəkarlığı deməkdir. Bu onların çalışdığı qurumların təsir altına düşməsindən irəli gələn faciədir. Əslində, Azərbaycanda kifayət qədər peşəkar və hadisələrə obyektiv yanaşa biləcək jurnalistlərimiz var. Lakin, burada da təəssüflənmək olar ki, hazırda təsadüfi insanların bu peşəyə gəlməsi ucbatından belə sahələrdə də peşəkarların sayı azalmağa başlayır. Fərqi yoxdur, bütün mövqelərdən çıxış edən mətbuat vasitələrində bu hal baş alıb gedir. Lakin buna baxmayaraq, Azərbaycanda kifayət qədər peşəkar jurnalistika ənənəsi olduğu üçün, bu sahədə biz o qədər də gileylənə bilmərik. Sadəcə əsl peşəkarlara istər seçkilərdə olsun, istərsə də digər proseslər zamanı şərait yaradılmalıdır. O zaman obyektivlik də lazımı qaydada müşahidə olunacaq”,-deyə redaktor açıqlayıb.


Əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycanda mətbuatın seçkiqabağı informasiya mübadiləsi xeyli dərəcədə güclüdür. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib. Məlumatı AZADİNFORM-a Beynəlxalq Mətbuat Klubundan veriblər. O, qeyd edib ki, seçki qabağı müxtəlif qəzetlərdə şərhlərin verilməsi, debatların təşkili və bütün bunların əvvəlki illərdən daha aktiv olması buna sübutdur. “Bununla yanaşı, mətbuatda jurnalist etikasına uyğun gəlməyən qeyri-obyektiv hallarda da rast gəlinir. Mən burada daha çox bir məqamı göstəmək istəyirəm. Hələ seçkiyə müəyyən müddət var. Birdə görürsənki bəzi mətbuat orqanları hərəsi müxtəlif dairənin namizədi olacaq şəxslərin adından çıxışlar edərək onlar arasında yersiz mübahisələr yaradır. Yəni, seçkilər kimi aktiv siyasi prosesdə, mətbuat onun inkişafını sürətləndirəcək fəaliyyəti kənara qoyub neqativ hallarla məşğul olmağa çalışır. Nəzərə alsaq ki, son illərdə mətbuatın inkişafına dövlət dəstəyi də güclənib, artıq KİV öz fəaliyyətinə nəzər salmalıdırlar. Xüsusilə də qarşıdan gələn parlament seçkiləri onların ictimaiyyət arasında sağlam yer tutması üçün əsl şansdır. Mətbuat həmişə siyasi proseslərdə özünə əsl yer tuta bilir. Çox istərdik ki, Milli mətbuatımız bunu vaxtında anlamış olsun. Unutmaq lazım deyil ki, seçki nəinki cəmiyyətin, konkret olaraq mətbuatın da fəallaşmasına təkan verən prosesdir. Bundan obyektiv surətdə yararlanmaq lzımdır”,-deyə BAMM sədri bəyan edib.